Keçid linkləri

2025, 07 İyul, Bazar ertəsi, Bakı vaxtı 23:55

Rusiya bu yay Ukraynanı 'sındıra' bilərmi? (Çətin)


Ukrayna Silahlı Qüvvələrinin 28-ci əlahiddə mexanikləşdirilmiş briqadasının hərbi qulluqçusu.
Ukrayna Silahlı Qüvvələrinin 28-ci əlahiddə mexanikləşdirilmiş briqadasının hərbi qulluqçusu.

Dmitro Ukraynanın 100-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadasının əsgəridir. O, Toretsk şəhərindəki üzücü cəbhə xəttində 110 günlük xidmət zamanı bir dəfə Rusiya əsgərləri arasında radioəlaqəni dinləyir:

Komandirlər əsgərlərə deyirmişlər ki, "Heç kəsi sağ ələ keçirməyin".

"Burada döyüş ağır keçib, başa düşürsüz", – Dmitro ötən ay Kramatorskda radioya müsahibəsində deyib. O, yalnız adının çəkilməsi şərtiylə danışıb. Kramatorsk Toretskdən şimal-qərbə bir saatlıq yoldur.

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalı dördüncü yaydır davam edir. AzadlıqRadiosunun jurnalistləri Yeqor Loqinov və Mayk Ekkel yazırlar ki, 100-cü briqada kimi yorulub əldən düşmüş bölmələr daha çox canlı qüvvəsi və silahı olan böyük ordu tərəfindən yavaş-yavaş əzilir. Kreml Kiyevi kapitulyasiyaya vadar etmək istəyir.

Hədəflər

Son həftələr Rusiya cəbhə zonasında əməliyyatları sürətləndirib. Yayda gözlənən hücum bu idimi, yoxsa hücum hələ olacaq, bu sual açıq qalır.

Moskvanın bir neçə aya ağır bir hədəfə çatacağı da gözlənir: 1 milyon əsgəri ya öldürülüb, ya da yaralanıb. Bu, Rusiya və Sovet İttifaqının İkinci Dünya müharibəsindən bəri bütün münaqişələrdə verdiyi toplam itkilərdən çoxdur.

Yay hücumu hələ başlamayıb. Bunu ABŞ ordusunun ehtiyatda olan mayoru, hazırda Polşada yerləşən "Rochan Consulting" araşdırma qrupunun Rusiya silahlı qüvvələri üzrə aparıcı təhlilçisi İvan Torres deyir.

"Rusiyalılar yay kampaniyası mövsümünə keçid edirlər, son əldə etdiklərini möhkəmləndirirlər, rezerv qüvvələri və avadanlıq cəmləyirlər, eyni zamanda təzyiq və hücumları da davam etdirirlər", – o bildirib.

"Rusiyalılar yay hücumunun sonunadək Donetsk vilayətini tam ələ keçirmək istəyirlər. Onlar tədricən irəliləsələr də, çox böyük itkilər verirlər", – bunu Vaşinqtonda yerləşən Müdafiə Prioritetləri üzrə Böyük Strategiya Proqramının direktoru Rayan Menon söyləyir.

1945-ci ildən bəri Avropada ən böyük quru müharibəsinin 40-cı ayı tamam olub. Müharibənin qısa özətinə baxaq.

Sumı

Ukrayna 1100 km-lik cəbhə xətti boyunca Rusiya qüvvələri ilə savaşır. Cəbhə Dnepr çayının aşağı sahillərindən, Xerson şəhərinin cənubundan şimal-şərqə – Pokrovsk və Toretsk, oradan da Rusiyanın Belqorod vilayətinə doğru Çasov Yar və Kupyanska uzanır.

Kupyanskdan 300 km şimal-qərbdə Rusiya əsgərləri Sumıya həmlələr edir. Müharibədən öncə bu şəhərdə 255 min nəfər yaşayırdı.

Sumı böyük magistral yolun üstündədir, bu yol Rusiya ilə sərhədə, Kursk vilayətinə aparır. Ukrayna ötən avqustda Kurska müdaxilə edib. Aprelin sonunda isə Rusiya 11 min şimali koreyalının köməyi ilə Ukrayna bölmələrini Kurskdan çıxarıb.

Rusiya son həftələr Sumıya şimaldan kiçikmiqyaslı hücum başladıb. İyulun 3-də rusiyalılar şəhərin 20 kilometrliyində idilər.

Rusiyanın 'Şahed' dronları Ukraynanı viran qoyur
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Rusiya rəsmiləri niyyətin sərhəd boyunca "dərin bufer zona" yaratmaq olduğunu deyiblər. Prezident Vladimir Putin iyunun ortasında şəhərin tutulmasına yüngül eyham da vurub: "Sumını tutmaq məqsədimiz yoxdur. Amma prinsipcə, bunu istisna etmirəm".

İyunun 26-da Ukrayna Rusiyanın Sumıya doğru irəliləməsinin qarşısının alındığını iddia etdi.

"Sumı yardımçı cəhddir, amma vacibdir. Ukraynanın əhəmiyyətli sayda qüvvələri o qədər də vacib olmayan istiqamətə cəlb olunur, bu arada rusiyalılar daha vacib ərazi ələ keçirməyə çalışırlar", – Torres deyir.

Çasov Yar

Rusiyalılar 2024-cü ilin yazından Donetskdəki Çasov Yara doğru irəliləyirlər. Həmin ilin fevralında ondan da böyük Avdeyevkanı tutublar.

Ötən həftə Rusiya bölmələri şəhərin 90 faizə qədərini ələ keçiriblər. Bunu "DeepState" açıq mənbələrlə işləyən təhlil qrupu bildirir.

Rusiya qüvvələri son günlər cənubdan Konstantinovkaya da həmlə edirlər. Kiyevdə yerləşən Müdafiə Strategiyaları Mərkəzinin təhlilçisi, Ukrayna ordusunun ehtiyatda olan polkovniki Viktor Kevlyuk vəziyyətin çətin olduğunu deyir: "Düşmən minimum proqres əldə edir, Çasov Yarda taktiki uğur qazana bilmir, bu zaman müdafiəni yara bilərdi".

Ukrayna Çasov Yarı tamamilə itirərsə, bu zaman Rusiya qüvvələri yüksəklikdə mövqe tutaraq Konstantinovkanı hədələyə, yaxud bombalaya bilərlər. Bu isə Ukraynanın təchizat xətlərinə, Slovyansk and Kramatorsk şəhərlərinə təhlükə yaradar.

Pokrovsk

Çasov Yardan 55 km cənub-qərbdə Pokrovsk yerləşir. Ukraynalılar burada güclü müdafiə quraraq Rusiya əsgərlərini cənuba və qərbə sıxışdıra biliblər.

Pokrovskdan qərbə, Dnepr şəhərinə doğru E50 magistral yolu uzanır. Bu yolun itirilməsi Pokrovska təhdid yaradar, Ukrayna üçün cəbhə xəttinin böyük bir hissəsini riskə atar.

"Yay hücumunun əsas məqsədi Donetsk vilayətinin tam işğalıdır...", – Kevlyuk deyir.

Bu isə sənaye obyektləri və şaxtaların yerləşdiyi Slovyansk-Kramatorsk xətti deməkdir.

Menonun fikrincə, Pokrovsk və Kostantinovkanın zəbti durumu dəyişər, ciddi zərbə olar.

"Rusiyalılar onları tutmaqdan çox uzaqdırlar. Sual budur ki, nə qədər uzaqdırlar. Yay hücumunun iflasına hələ çox var", – o əlavə edir.

Ukrayna hərbçiləri dronları tüfənglə vururlar
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Dördüncü iyul

Bu münaqişə aşındırma müharibəsinə çevrilib. Hər iki tərəf yeni texnologiya və taktikalar əxz ediblər. Rusiya qüvvələri daha çox Ukraynanı kütləvi atəşə tutub. Kiyev isə ən çox dronlarla bağlı daha innovativ metodlara əl atıb.

Dronların yayılması isə ağır zirehli texnikadan istifadəni azaldıb, sürətli motosiklet dəstələri artıb.

Menonun fikrincə, bu, Rusiya üçün böyük uğursuzluqlardan biridir: "Ukrayna dronları və artilleriyası onların xeyli tankını, zirehli texnikasını məhv edib... Onlar motosikletlərə, hətta zirehsiz sərnişin furqonlarına keçiblər".

Rusiyalı komandirlər həm də "ət maşını" taktikasına əl atırlar – əhali böyük, orduya cəlb etmə təklifləri şirnikləndiricidir. Qanlı piyada hücumları ilə böyük itkilər verilsə də, Ukraynanın müdafiəsini üstələyə bilirlər.

Torres deyir ki, dronlar, motosiklet hücumları, yeni elektron sistemlər, cəbhə komandanlığının süni intellektlə gücləndirilməsi – bütün bunlar böyük bir orqanik sistem təşkil edir və hazırda cəbhədə dominantlıq edir: "Buna görə də döyüş meydanı aşındırıcı qarşıdurmaya çevrilib".

O, Rusiyanın şəxsi heyət və avadanlıq baxımından üstün olduğunu, təşəbbüsü saxlaya və irəliləyə bildiyini vurğulayır.

Ukrayna qüvvələrinin isə canlı qüvvə çatışmazlığı böyükdür. Torresin fikrincə, səfərbərlik, təlim, avadanlıq məsələsi həllini tapsa belə, cəbhədəki yanlış idarəetmə, zəif komandanlıq və nəzarət qalacaq.

"Zaman ukraynalıların əleyhinə işləyir"

Ötən payız ukraynalı komandirlər ordunun təşkili ilə bağlı böyük planlar açıqlayıblar, briqada strukturundan daha böyük korpus strukturuna keçiblər.

"Onların çox böyük problemləri var. Amma mənə görə, ən vacibi onların oyunda qala bilməsidir", – Menonun sözləridir.

XS
SM
MD
LG